Oğuzda maarifləndirmə tədbiri keçirilib
İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Oğuz şəhər Cümə məscidində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov, Cümə məscidinin imamı Şövkət Cəlilov və dindarlar iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, bir xalqın varlığı və milli kimliyini qoruması onun mənəvi dəyərlərinə münasibəti ilə sıx bağlıdır. Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərib, milli birliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayıb. O da qeyd olunub ki, ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin, o cümlədən çoxsaylı xalqların nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.