Naftalanda maarifləndirmə tədbiri keçirilib
İyulun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Naftalan şəhər məscidində "Mili-mənəvi dəyərlərimiz və vətənpərvərlik" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Naftalan şəhər məscidi dini icmasının imamı Rəşad Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqa hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır. Qeyd olunub ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Vətən Müharibəsində gənclərimizin göstərdiyi igidliklər yeniyetmə nəslimizin tərbiyəsində böyük rol oynayıb.