Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.10.2021 / Xəbərlər

Mingəçevirdə milli həmrəyliyimizin möhkəmləndirilməsinin önəminə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi” mövzusunda videokonfrans keçirilib. 

Seminarda DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Mingəçevir şəhərinin rəsmi din xadimləri, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Mingəçevir Gənclər Evinin könüllüləri, YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin üzvləri, eləcə də ictimaiyyətin fəal nümayəndələri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan və mövzu üzrə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov bildirib ki, Azərbaycan xalqının tarixən formalaşmış zəngin tolerantlıq ənənələri artıq uzun illərdir ki, bütün dünyada örnək olaraq qəbul olunur. Azərbaycanda təmsil olunan bütün konfessiyaların nümayəndələrinin dövlətimizlə həmrəylik nümayiş etdirmələri, eləcə də Vətən müharibəsi üçün səfərbər olmaları ölkəmizin burada yaşayan bütün dini və etnik qrupların əzəli və əbədi, bölünməz Vətəni  olduğunu göstərir. Bildirib ki, siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs Vətənimiz uğrunda bənzəri olmayan həmrəylik nümayiş etdirdi. Xalqın ölkənin liderinə dərin inamı, cəmiyyətimizdəki siyasi, milli və dini həmrəylik qələbəmizin təminatında çox mühüm rol oynadı.  

Mövzu ətrafında çıxış edənlər Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Tutu Xanlarova, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülnar Məmmədova, Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin könüllüsü Aynur Şirinli, YAP Mingəçevir Şəhər Təşkilatının fəalı Bəxtiyar Mustafayev bildiriblər ki, Azərbaycan xalqı müxtəlif dini və etnik qruplardan təşkil olunsa da, onları birləşdirən müqəddəs dəyərlər var. №Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən daxili və xarici siyasəti, rəşadətli Ordumuzun gücü, xalqımızın milli ruh yüksəkliyi və milli-mənəvi həmrəyliyimizin vəhdəti nəticəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında qalmış Qarabağ öz doğma sahiblərinə – xalqımıza qaytarıldı" deyə çıxışçılar qeyd ediblər.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.