Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.12.2021 / Xəbərlər

Mingəçevirdə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib

Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) və şəhər Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin böyük məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tərlan Əliyeva, Mingəçevir Şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru - Bələdiyyənin Gender məsələlər komissiyasının sədri Ədalət Quliyeva, AR Mediasiya Şurasının üzvü, mediator İsmayıl İsmayılov, Mingəçevir Media Mərkəzinin direktoru Fərman Nəbiyev, eləcə də şəhər ümumtəhsil orta məktəblərinin uşaq birliklərinin rəhbərləri, psixoloqları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə “Gender əsaslı zorakılığın yaranma səbəbləri və onunla mübarizə” (Ədalət Quliyeva), “Məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik” (Tərlan Əliyeva), “Ailədaxili mübahisələrin həllində mediasiyanın rolu” (İsmayıl İsmayılov), “Gender bərabərliyinin təşviqində media və QHT-lərin rolu” (Fərman Nəbiyev) barədə çıxışlar olub.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, bütün dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün müəyyən iş görülürsə də, problemlər qalmaqda davam edir. Həmçinin bildirilib ki, gender bərabərliyi özü-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir. Qeyd olunub ki, bu problemlərin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir və bu sahədə maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində ən mühüm prioritetlərdən biri olduğu vurğulanıb.

Tədbirdə mövzuya dair videoçarx nümayiş olunub.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb, sonda hər bir iştirakçıya Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi çap olunmuş kitablar hədiyyə edilib.