Masallıda keçirilən üçgünlük regional konfrans işini yekunlaşdırıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda Masallıda keçirilən regional konfrans iyunun 22-də başa çatıb.
Tədbirin üçüncü günündə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, “Masallı ziyalıları” ictimai birliyinin sədri Qardaş Fətullayev və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli ölkəmizdə dini durum, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi istiqamətində görülən işlərdən, eləcə də Dövlət Komitəsinin bölgədəki fəaliyyətindən danışıb.
DQİDK sədrinin birinci müavini S.Salahlı çıxışında Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması istiqamətində aparılan dövlət siyasətindən bəhs edərək, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyasəti onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Xalqımıza məxsus milli-mənəvi dəyərlərin təbliğinin vacibliyinə də diqqət çəkən Səyyad Salahlı vətəndaşları, xüsusilə gəncləri əsrlərlə formalaşıb gələn və bu gün dövlət siyasətinin mühüm istiqamətinə çevrilən tolerant və multikultural ənənələrin mühafizə olunması istiqamətində səy göstərməyə səsləyib.
Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə çıxış edərək, son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallıda da dini maarifləndirmə istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqımızın adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, etiqad azadlığı bərqərar olub. Ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi dünyada uğurlu bir model kimi yüksək qiymətləndirilir.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, “Masallı ziyalıları” ictimai birliyinin sədri Qardaş Fətullayev çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Konfrans işini mövzu ətrafında müzakirələrlə yekunlaşdırıb.