Masallıda "Gənclərin zərərli vərdişlərdən qorunmasında təhsilin rolu" mövzusunda seminar-treninq keçirilib
Yanvarın 28-də Masallı rayonu Sübhan Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbində “Gənclərin zərərli vərdişlərdən qorunmasında təhsilin rolu” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri Taryel Əkbərov, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, cəmiyyətimizin aparıcı hissəsi olan gənclərimizin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsində təhsilin böyük rolu vardır. O da vurğulanıb ki, yeniyetmələrin radikal yönümlü dini təriqətlərin, zərərli vərdişlərin təsirindən qorunması, mənəviyyatımıza zidd dini cərəyanlara qarşı mübarizədə maarifləndirmə xüsusi əhəmiyyətə malikdir.
Tədbirin sonunda mövzu ilə bağı video-çarx nümayiş etdirilib.

