Lerikdə maarifləndirmə tədbiri keçirilib
Martın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.
Lerik Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, rayon Polis Şöbəsinin məsul əməkdaşı Amil Kərimov, ictimaiyyət nümayəndələri, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlarda mövzunun aktuallığından bəhs olunub. Gənclərin ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyi diqqətə çatdırılıb. Həmçinin çıxış edən natiqlər ölkəmizdə ictimai-siyasi və dini sabitliyin mövcud olduğunu diqqətə çatdırıblar. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
