Lənkəranda dini həmrəylik mövzusu müzakirə olunub
Dekabrın 19-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran şəhəri Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol-milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Vətən Müharibəsində qələbə qazanaraq Ermənistan tərəfindən işğal edilmiş tarixi Azərbaycan torpaqlarını geri qaytardığı qeyd edilib. Qazanılan qələbədə ölkəmizdə tarixən mövcud olan milli və dini həmrəyliyin mühüm əhəmiyyəti vurğulanıb. Milli və dini birliyin qorunması və daha da möhkəmləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran şəhəri Böyük bazar “Cümə” məscidi dini icmasının sifarişi ilə çəkilmiş “Zəfər carçıları” sənədli filmi nümayiş olunub.