Kürdəmirdə yerləşən N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, hərbi hissənin şəxsi heyət üzrə zabiti – mayor Qorxmaz Mehdiyev, din xadimi Elçin Tağıyev, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.
Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda mövzunun aktuallığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan xalqı olduqca bəşəriyyətə nümunə olan mənəvi keyfiyyətlərə malikdir. Bunlardan biri də əsrlərdən bəri formalaşaraq inkişaf edən, xalqımızın humanist dünyagörüşünü özündə əks etdirən multikultural və tolerant dəyərlərdir. Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələrinin dövlətçiliyimiz naminə daim həmrəylik nümayiş etdirmələri xalqımızın yüksək multikultural və tolerant dəyərlərə malik olmasının bariz nümunəsidir.
Tədbir mövzu ilə bağlı qaldırılan suallar ətrafında müzakirələrlə yekunlaşıb.

