Kürdəmirdə yerləşən N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, əməkdaşı Seyfəli Umarov, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat rəisi Kamran Salahov, şəxsi heyət üzrə zabit – mayor Qorxmaz Mehdiyev və hərbçilər iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmin yaranma səbəbləri barədə ətraflı məlumat verilib. Məkrli məqsədlərinə nail olmaq üçün cəmiyyət arasında dini, milli və məzhəb ayrı-seçkiliyi salaraq mövcud toplumu parçalamağı rəhbər tutan və xarici dini mərkəzlərə bağlı olan radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması, onların zərərli təbliğatı əleyhinə fəal şəkildə mübarizə aparılmasının olduqca mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, ekstremizm sosial-siyasi, dini və digər hədəflərə ifrat mübarizə metodları ilə çatmaq vasitəsidir.
Sonda iştirakçıların sualları cavablandırılıb.


