Kürdəmirdə Qurban bayramı ilə bağlı tədbir keçirilib
İyulun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Mənəvi birlik rəmzi – Qurban bayramı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov, Nicat İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Fizuli Cəfərov, din xadimləri, dini icma sədrləri və dindarlar iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir və xalqımız öz milli adət-ənənələrinə həmişə hörmətlə yanaşaraq, bütün dini mərasimləri, o cümlədən Qurban bayramını böyük sevinclə qeyd edir. Eyni zamanda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev həmişə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına böyük önəm verib. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra dini bayramlar, o cümlədən Qurban bayramı böyük təntənə ilə keçirilir.
Tədbirdən sonra din xadimləri talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil edilən könüllü qanvermə aksiyasında iştirak ediblər.



