Kürdəmirdə 16 noyabr –Beynəlxalq Tolerantlıq gününə həsr edilmiş tədbir keçirilib
Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Kürdəmir rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə 16 noyabr –Beynəlxalq Tolerantlıq gününə həsr edilmiş tədbir keçirilib.
Kürdəmir rayon Heydər Əliyev Mərkəzində pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Seyfəli Umarov, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Kürdəmir rayon nümayəndəliyinin direktoru Nicat Ağarəhimov, təşkilatçı qurumların əməkdaşları, ictimaiyyət nümayəndələri və rayonun fəal gəncləri iştirak ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm də dini baxımdan zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




