Kürdəmir və Goranboyda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbirlər keçirilib
İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar dəyirmi masa keçirilib.
Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Seyfəli Umarov, Kürdəmir rayonu Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Fizuli Cəfərov, dini icma sədrləri, din xadimləri, təşkilatçı qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı 1993-cü il iyunun ayının 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğu və dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyi diqqətə çatdırılıb. Ümummilli Liderin bütün Azərbaycan miqyasında həyata keçirdiyi xilaskarlıq missiyası, əsasını qoyduğu dövlət-din münasibətləri, milli - mənəvi və dini dəyərlər sahəsində həyata keçirdiyi mütərəqqi islahatlar haqqında ətraflı məlumat verilib.
Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar nümayiş etdirilib.
***
İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy rayonu üzrə din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxış edən tədbir iştirakçıları Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan Heydər Əliyevin çətin və məşəqqətli sınaqlardan keçərək, Azərbaycanda dövlətçilik ənənələrini bərpa etdiyini qeyd ediblər. Xüsusilə, bacarıqlı dövlət başçısı, təcrübəli və zəkalı siyasətçi Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində sosial-iqtisadi, siyasi-diplomatik sahələrdə böyük uğurlar əldə edildiyi qeyd edilərək, xalqımızın milli-dini dəyərlərinə daim diqqət və qayğı göstərildiyi vurğulanıb. Ümummilli Liderin siyasi kursunun davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin din xadimlərinə, dini icmalara qayğısından bəhs edən qonaqlar, Dövlətin bu sahəyə diqqət və qayğısını vurğulayaraq, tolerant və multikultural dəyərlərə malik olan ölkəmizdə xalqımızın və dövlətimizin müstəsna örnək təşkil etdiyini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.





