İsmayıllıda insan hüquqları və azadlıqlarına həsr olunmuş tədbir keçirilib
Mayın 27-də İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə İsmayıllı RPŞ-nin əməkdaşları Rahim Orucov və Xətai Daşdəmirli, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbinin direktoru Eyvaz Mürsəlov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, bütün insanlar eyni hüquq və azadlıqlara malikdirlər, bu insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən milli Konstitusiyamızın başlıca qayəsini təşkil edir. Kontitusiyamızın 24-71-ci maddələrində insan hüquq və azadlıqlarının öz əksini tapdığını və bunun önəmi haqqında tədbir iştirakçılarına məlumat verilib.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

