“İntihar: mənəvi və ictimai müstəvidə” mövzusunda onlayn formatda seminar-treninq keçirilib
Dekabrın 13-də “İntihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlararası İşçi qrupunun 2021-2025-ci illər üzrə” Fəaliyyət Planına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İntihar: mənəvi və ictimai müstəvidə” mövzusunda onlayn formatda seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rəhim Rəhimli, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsi, Lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Əlizadə, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Asəf Qənbərov, eləcə də Sumqayıt şəhəri üzrə orta ümumtəhsil müəssisələrində “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.
Çıxışlarda intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupunun fəaliyyətindən ətraflı bəhs olunub. İntihara cəhdin qarşısının alınmasında bu kimi profilaktik, preventiv və s. maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin önəminə toxunulub, eləcə də mənəvi dəyərlərin tərkib hissəsi olan dini baxışlarda intiharın günah hesab edilməsinin maarifləndirmə işlərində səmərəli vasitə olduğu diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






