“İnsanların inanc azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusu Siyəzəndə müzakirə edilib
Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, Siyəzən Rayon İcra Hakimiyyətinin, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin və Siyəzən rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Siyəzən rayon Gənclər mərkəzində İnsan Hüquqları Aylığı çərçivəsində “İnsanların inanc azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aqil Abdulov, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, ziyalı və gənclər iştirak edib.
Tədbirdə bildirilib ki, ölkə rəhbərliyinin müvafiq Sərəncamına uyğun olaraq hər il may və iyun aylarında “İnsan Hüquqları aylığı” çərçivəsində müxtəlif formatlı tədbirlər həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu baxımdan öz profilinə uyğun şəkildə maarifləndirmə işi aparmaqdadır. Belə ki, Komitənin yerli şöbəsinin tədbirlər planına uyğun olaraq dislokasiyaya daxil olan rayonlarda müxtəlif səpkili tədbirlər həyata keçirilib.
Sonda qeyd olunub ki, ölkəmizdə insanların inanc azadlığı maksimum səviyyədə qorunur və öz etiqadlarına uyğun inanclarını həyata keçirməkdə azadlıqları təmin olunur.
Dəyirmi masa qarşılıqlı müzakirələrlə işini yekunlaşdırıb. İştirakçılara DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş maarifləndirici dini ədəbiyyat paylanılıb.

