İmişlidə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə "8 Noyabr Zəfər Günü-siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi" mövzusunda onlayn formatda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, həmçinin Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyəti barədə geniş danışılıb. Qeyd edilib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Xalqımızın məğrurluğu, yenilməzliyi işğaldan azad edilmiş bütün torpaqlarda milli-mənəvi birliyimizin, ərazi bütövlüyümüzün rəmzi olan üçrəngli bayrağımızın əbədi dalğalanması ilə təsbit olundu.

