Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.09.2022 / Xəbərlər

“İmamzadə ziyarətgah” dini kompleksində maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 12-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə  şəhər “İmamzadə ziyarətgah” dini kompleksində “Radikalizmlə mübarizədə din xadimlərinin və dini icmaların rolu” mövzusu müzakirə olunub.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Tahir Abbasov, QMİ-nin Goranboy-Naftalan üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, bölgədə fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onların əleyhinə effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə toxunub. Vurğulanıb ki, dini radikalizmlə mübarizənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir. Həmçinin, regionda fəaliyyət göstərən dini icmaların sədrləri əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal dini cərəyanların təsirindən qorunması və din xadimlərinin məlumatlandırılması üçün bu cür maarifləndirici tədbirlərə ehtiyac olduğunu vurğulayıblar.