Hərbi hissədə “Özünəqəsd və xəsarət: İslam dini nə deyir?” mövzusunda maarifləndirmə seminarı keçirilib
Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qusarda yerləşən hərbi hissədə “Özünəqəsd və xəsarət: İslam dini nə deyir?” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, hərbi hissə komandirinin müavini Osmanbəy Rəcəbov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlar zamanı qeyd edilib ki, İslam dinində insanın özünə qəsd etməsi və xəsarət yetirməsi böyük günahdır. “Qurani-Kərimin” “Nisa” surəsində Allah buyurub: “Öz-özünüzü öldürməyin”. “Yusuf” surəsində isə deyilir: “Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar (inkar edənlər) dəstəsidir. İnsan üçün həyat yolunda, fəaliyyətində müəyyən çətinliklər ola bilər, ancaq özünə qəsd etməklə deyil, çalışaraq və gələcəyə ümid bəsləyərək bu çətinliklərin öhdəsindən gəlmək olar.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, DQİDK-nın sifarişi ilə nəşr edilən maarifləndirici ədəbiyyat hədiyyə edilib.

