Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.10.2022 / Xəbərlər

Hacıqabulda “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda ikigünlük konfrans başa çatıb

Oktyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayonunda “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda keçirilən ikigünlük konfrans işini bu gün də davam etdirib.

Tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Hacıqabul RİH-nin başçısı Rüstəm Xəlilov, Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, QMİ-nin Salyan bölgəsi üzrə qazısı Hüsnü Həsənov və din xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Hacıqabul RİH başçısı Rüstəm Xəlilov çıxışında dünyəvi, hüquqi dövlət olan və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə gedən Azərbaycanda dini dözümlülük, vicdan azadlığının təmin olunması istiqamətində atılan addımlardan danışıb. Vurğulayıb ki, görülən işlər milli-mənəvi və islami dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna rol oynayır.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda dini azadlıqların maksimum təmin edildiyindən, ölkəmizin özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasında olmasından bəhs edib. Bildirib ki, dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir.

S.Salahlı Ümumilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin də hər zaman dini dəyərlərə böyük hörmət göstərdiyini və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynadığını iştirakçıların diqqətinə çatdırıb.

QMİ-nin Salyan bölgəsi üzrə qazısı Hüsnü Həsənov İslam dinində fərdin cəmiyyətdə necə davranmalı olmasının əsaslarını qeyd edib, tolerantlıq dini olan İslamın müasir cəmiyyətdə önəmli rolu olduğunu vurğulayıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.