Göyçayda “Şuşa mənəviyyat incisi” adlı tədbir keçirilib
İyunun 10 - da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayon Tarix–Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli, 124 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planına əsasən “Şuşa mənəviyyat incisi” adlı tədbir keçirilib.
Göyçay rayon Tarix–Diyarşünaslıq muzeyində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Gülçin Babayeva, Azərbaycan yazıçılar birliyinin üzvü, şair Aqil Kəngərli, Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşfiq Əsgərov, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbirdə Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan danışılıb və 30 ilə yaxın işğal altında olan Şuşa şəhərinin 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunduğu vurğulanıb. Habelə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmasından sonra “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” və s. tədbirlərin keçirildiyi qeyd edilib.
Tədbirdə çıxış edən qonaqlar “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlərin mədəniyyət paytaxtımızın irsinin təbliğinə töhfə verəcəyini bildiriblər.


