Göyçayda “8 noyabr Zəfər Günü - siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi” mövzusunda tədbir keçirilib
Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Göyçay rayon Heydər Əliyev mərkəzi və Gənclərin İnkişaf və kariyera mərkəzinin Göyçay rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “8 noyabr Zəfər Günü - siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi” adlı tədbir keçirilib.
Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş seminarda DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları-qaziləri, Heydər Əliyev Mərkəzinin əməkdaşları, dini icma sədrləri, din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən hazırlanmış Vətən müharibəsinə həsr olunan “Vətən Naminə” sənədli filmi nümayiş olunub.

