Goranboyda “Vətənə sədaqət müqəddəsdir” mövzusunda tədbir keçirilib
Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy rayonu Xanqərvənd kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Vətənə sədaqət müqəddəsdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, dini icmanın sədri Rəsul Həşimov, dini icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd olunub ki, Vətən, torpaq uğrunda şəhadət ən ali məqamdır. Bildirilib ki, 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O da qeyd olunub ki, Torpaqlarımızın azadlığı uğrunda şəhidlik məqamına ucalan oğullarımız hər zaman xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq.