Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.05.2022 / Xəbərlər

"Gənclərin mənəvi dünyagörüşünə təsir edən amillər" mövzusu Bərdədə müzakirə edilib

Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Bərdə Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bərdə “ASAN xidmət” mərkəzində "Gənclərin mənəvi dünyagörüşünə təsir edən amillər" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Verdiyev, Fərid Vaqifli, Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, Bərdə "ASAN xidmət" mərkəzinin əməkdaşı Şamxal Yaqubov və könüllülər iştirak ediblər.

Tədbirdə çıxış edənlər gənclərimizin vətənpərvər ruhda formalaşmasında milli-mənəvi dəyərlərimizin rolunu qeyd ediblər. Bu gün cəmiyyətin bəlasına çevrilən və gənclər arasında radikal fikirlərin yayılmasına səbəb olan qeyri-ənənəvi cərəyanlardan danışan tədbir iştirakçıları bu kimi radikal fikirli şəxslərə qarşı mübarizənin ən doğru yolunun məhz gənclərin təhsil alması olduğunu bildiriblər. Eyni zamanda gənclərin, yeniyetmələrin vətənpərvərlik ruhunda yetişməsində ailənin, cəmiyyətin danılmaz rolu, gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi, bu istiqamətdə dövlətin keçirdiyi tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Azərbaycanda olan tolerantlıq və multikulturalizmin bütün dünya üçün nümunəvi olduğunu diqqətə çatdıran çıxışçılar bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini qeyd ediblər.

Sonda mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.