Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.02.2022 / Xəbərlər

Gəncədə Xocalı faciəsinin 30-cu ildönümü münasibəti ilə tədbir keçirilib

Fevralın 24-də Gəncə şəhərində Xocalı faciəsinin 30-cu ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, YAP Gəncə şəhər təşkilatının məsul əməkdaşları və gənclər iştirak ediblər.

Öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Vurğulanıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır.

Sonda tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.