Gəncədə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda seminar keçirilib
Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin nəzdində birləşmiş Regional Kollecdə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları Elmar Fətəliyev, Faiq Əsgərov, Kollecin tədris işləri üzrə direktor müavini Elşad Abbasov və aktiv tələbələri iştirak ediblər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Çıxışlarda mövzunun əhəmiyyətindən, eləcə də xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolundan bəhs olunub. Çıxış edən natiqlər bildiriblər ki, tarixin ən çətin dövrlərində belə xalqımız öz milli-mənəvi dəyərlərini qoruyub saxlamağı, müqəddəs məqsədləri uğrunda birləşməyi, vəhdət olmağı bacarıb. Vurğulanıb ki, xalqımız hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Vətənpərvərlik milli və mənəvi dəyərlər kimi” adlı film nümayiş olunub.



