Gəncədə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə həsr edilmiş tədbir keçirilib
26-27 oktyabr tarixlərində Gəncə şəhərində “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda ikigünlük seminar-treninq keçirilib.
Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında və Gəncə, Naftalan şəhərlərində yerləşən məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, Həyat bilgisi, tarix, Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən müəllimlər üçün təşkil edilən seminar-treninqdə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün onlarla işin qurulması istiqamətləri, xüsusilə yuxarı sinif şagirdləri arasında bu dəyərlərin təbliğ olunması metodları, dinə aid mövzuların şagirdlərə çatdırılması üsulları və bu kimi digər mövzulara toxunulub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Elm və Təhsil Nazirliyi (ETN) ilə birgə təşkil etdiyi tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhər təhsil sektorunun müdiri Nərgiz Həsənova , DQİDK-nın Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova, Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova iştirak ediblər.
Seminar-treninqdə çıxış edənlər gənclərin mövhumat və xurafatdan doğan radikalizmin təsirlərindən qorunmasında milli-mənəvi dəyərlərin roluna və bu dəyərlərin formalaşmasında ümumtəhsil məktəblərinin üzərinə düşən vəzifələrə diqqət çəkiblər. Bildirilib ki, yeniyetmə və gənclərin zərərli ideologiyaların təsiri altına düşməmələri, radikalizm, məzhəbçilik, xurafat kimi neqativ meyillərdən uzaq olmaları üçün məktəblərdə geniş təbliğat işlərinin aparılması zəruridir. Eyni zamanda qeyd edilib ki, təhsil prosesində milli-dini dəyərlərin öyrənilməsinin məhz azərbaycançılıq konsepsiyasına əsaslanması, millətimizə xas olmayan yad elementlərə imkan yaradılmaması, dini radikalizm və ekstremizmin cəmiyyət üçün çox ciddi fəsadlar törədə biləcəyinin şagirdlərə məqsədəuyğun şəkildə izah edilməsi olduqca önəmlidir.
Seminar-treninqdə iştirakçılar arasında müzakirə, praktiki məşğələlər və qrup işləri həyata keçirilib. Müəllimlər məktəbdə tədris etdikləri fənn çərçivəsində şagirdlərə milli-mənəvi dəyərlərin necə öyrədilməsi barədə təcrübə və təkliflərini bölüşüblər.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Azərbaycan gəncliyi və mənəvi dəyərlər” sənədli filmi nümayiş olunub.