Gəncədə Beynəlxalq Tolerantlıq Günü qeyd olunub
Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının binasında təşkil olunan dəyirmi masada DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, dini icma sədrləri və gənclər təşkilatlarının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov bildirib ki, tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Həsən Məmmədov onu da vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı biz xalq olaraq tolerantlığımızı qoruyub saxlaya bildik. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır və Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev isə çıxış edərək Beynəlxalq Tolerantlıq Günü haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, bu beynəlxalq gün YUNESKO-nun "Dözümlülük prinsipləri bəyannaməsi"ndə təntənəli şəkildə elan edilib. Bəyannamədə dözümlülük dedikdə, "dünya mədəniyyətlərinin zəngin müxtəlifliyi, bizim özünüifadə formaları və insan fərdiliyini ifadə etmək üsullarına hörmət, qəbul və doğru anlaşma" nəzərdə tutulur. Bəyannamədə "insanların öz təbiətinə görə xarici görünüşü, mövqeyi, danışığı, davranışı və dəyərləri baxımından fərqli olduqlarını, barışıq içində yaşamaq və fərdiliyini qorumaq hüquqlarına sahib olduqlarını" elan edir. Bəyannamədə insanlara qarşı dözümsüzlüyün yaratdığı təhdidlər araşdırılır, dözümsüzlüyə qarşı mübarizə metodları və proqramları təqdim olunur.
Daha sonra tədbirdə iştirak edən natiqlər çıxışlarında Azərbaycanın tarixən tolerant və multikultural ölkə kimi tanındığını qeyd ediblər. Bildirilib ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, respublikamızda yaşayan bütün millətlərin, milli azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər səviyyədə hörmət və ehtiramla yanaşılır. Min illər boyu xalqımız tərəfindən yaşadılaraq bu günümüzə gəlib çıxmış və dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş Azərbaycandakı tolerantlıq və multikulturalizm dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.
Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr olunan kitablar qonaqlara təqdim olunub.