DSX-nin Sərhəd Nəzarətində dini radikalizmlə mübarizəyə həsr edilmiş seminar keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidməti (DSX) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq sentyabr ayının 28-də DSX-nin Sərhəd Nəzarətində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda növbəti seminar keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov çıxış edərək, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıb. Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işlərinin aparılması, gənclərin radikal dini cərəyanların təsirindən qorunmasının vacibliyi, eyni zamanda dini radikalizmin fəsadları barədə geniş məlumat verib.
Tədbirdə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi bildirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələri, “Dəmir Yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olması vurğulanıb.
Seminarda ölkəmizdəki tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi qeyd olunub.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmış “Dəmir yumruq” sənədli filmi şəxsi heyətə nümayiş etdirilib.




