DQİDK sədrinin birinci müavini Səyyad Salahlı: “Azərbaycan dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi ölkə kimi tanınır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şəkidə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən regional konfrans sentyabrın 14-də öz işini davam etdirib.
Din xadimləri, dini icma sədrləri, ziyalılar, ağsaqqallar, dindarlar, eləcə də gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Şəki ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov dövlət-din münasibətləri, dini icmaların fəaliyyəti istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.
Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Çağdaş dünyamızın olduqca gərgin günlər yaşadığını diqqətə çatdıran S. Salahlının sözlərinə görə, qlobal siyasi və hərbi kataklizmlərə baxmayaraq, Azərbaycan “sabitlik adası” olaraq qalmaqdadır.
Respublikamızda mövcud olan milli və dini həmrəyliyə də toxunan komitə rəsmisi əlavə edib ki, ölkəmiz beynəlxalq aləmdə ictimai-siyasi sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır.
“İctimai-siyasi, dini sabitliyin qorunub saxlanmasında, həmçinin dini və milli tolerantlıq, məzhəblərarası münasibətlərin daha da inkişaf etdirilməsi, mənəvi dəyərlərimizin təbliği sahəsində din xadimlərinin üzərinə böyük vəzifələr düşür”,- deyə DQİDK sədrinin birinci müavini əlavə edib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki sektorunun müdiri Zamiq Cəbiyev, Şəhər Ağsaqqallar Şurasının üzvü Vaqif Əhmədov isə çıxışlarında diqqətə çatdırıblar ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqımızın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar olub.
Konfrans sentyabrın 15-də öz işini davam etdirəcək.