Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.08.2023 / Xəbərlər

DQİDK-nın sədr müavini: “Ölkədəki dini durumun sabit saxlanılması istiqamətində mühüm addımlar atılıb”

Quba rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans avqustun 3-də öz işini davam etdirib.

Öncə ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rayonun hüquq-mühafizə orqanları, idarə və təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov çıxışında bildirib ki, xalqımızın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyevin uzaqgörən siyasi addımları nəticəsində dövlət-din münasibətlərində və milli-mənəvi dəyərlərə qayıdış prosesində yeni bir mərhələ başlandı. T. İbrahimov vurğulayıb ki, ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olunub, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev bildirib ki, Azərbaycanda dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, qanunvericilik bazasında boşluqların aradan qaldırılması, beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, həm dövlətin, həm də dini qurumların hüquq və öhdəliklərinin dəqiq müəyyən olunması, eləcə də insanpərvərlik prinsipləri ilə ziddiyyət təşkil edən zərərli dini cərəyanların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericilik təkmilləşdirilib. Sədr müavini vurğulayıb ki, bu istiqamətdə dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiliklər edilib, dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edən “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. S. Nağıyev onu da diqqətə çatdırıb ki, dövlətçiliyin qorunmasında və onun daha da möhkəmləndirilməsində, hər cür ekstremist fəaliyyətin qarşısının alınmasında, yaxud qabaqlayıcı tədbirlərin işlənib hazırlanmasında dövlət-din münasibətlərinin qanun çərçivəsində qurulması müstəsna əhəmiyyətə malikdir.

Baş prokurorluğun nümayəndəsi Asim Yusifov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev isə dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışıblar.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazıları Naib SəttarovCavanşir Əfəndiyev dövlətin dinə və dindarlara qayğısından bəhs edib, bu cür konfransların keçirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Regional konfrans avqustun 4-də öz işini davam etdirəcək.