“Dövlət və Din” jurnalının yeni sayı çapdan çıxıb
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2022-ci ildə birinci sayı işıq üzü görüb.
Toplu ənənəvi “Rəsmi guşə” bölməsi ilə açılır. Bu rubrikada Prezident İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı və orada yaradılan şəraitlə tanışlığı barədə ətraflı məlumat verilir.
İctimai fikir toplusunun ikinci rubrikası olan “Cəmiyyət və Din” millət vəkili Ceyhun Məmmədovun “Qədim dövrdə Azərbaycandakı qəbilə-tayfa münasibətlərində din amilinin rolu” adlı yazısı ilə başlayır. Bu bölmədə, həmçinin “Multikulturalizm və dini müxtəliflik”, “Fərdlərdə informasiya mədəniyyətinin formalaşmasının zəruriliyi quran və hədis müstəvisində”, eləcə də “Kitabi-Əqdəs” Bəhai dini doktrinasının əsası kimi” məqalələr yer alıb.
Toplu xarici dildə məqalələrin çapı ənənəsini davam etdirir. Belə ki, bu sayda Ariz Gözəlovun “Müasir insanın dünyagörüşünün formalaşması”, habelə Vaxit Akaev Xumidoviç və Aslambek Akaev Vaxidoviçin həmmüəllif olduqları “Çeçenistan Respublikasında İslam: tarixi-mədəni və müasir dini-siyasi aspektləri adlı” məqalələri rus dilində dərc edilib.
Toplunun daimi və maraqlı bölmələrindən biri də “Şəxsiyyətlər”dir. Jurnalın bu bölməsində Rüstəm Hacıyevin “Eynülqüzat Miyanəci fəlsəfəsində transsendent həqiqətlərinin ifadəolunmazlığı probleminin həlli”, Rəhim Həsənovun “Əl-Kindinin fələsəfi təlimi” və Faiq Ələkbərlinin “Abbas Səhhətin sosial-siyasi və fəlsəfi-əxlaqi görüşləri” məqalələri ilə tanış ola biləcəklər.
Ənənəvi “Tarixə pəncərə” rubrikasında verilmiş məqalələrdə Gəncə şəhərində tarixi-etnoqrafik mənbələrin, eləcə də birgəyaşayış mədəniyyəti ənənələrinin formalaşması və qorunub saxlanmasının əhəmiyyətindən, həmçinin qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının ərazisi, inzibati-ərazi bölgüsü və idarəçilik sistemindən bəhs olunur.
“Araşdırma” bölməsində isə “Şəmkirin erkən İslam dövrü şirli keramikasında astral naxışlar”, “II Seyidlər yaşayış yerində arxeoloji tədqiqatlar” və s. məqalələr dərc olunub.
Qeyd edək ki, 2021-ci ildə Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu yeni tələblərə uyğun olaraq DQİDK-nın rəsmi mətbu orqanı olan “Dövlət və Din” elmi jurnalı beynəlxalq xülasələndirmə və sitatgətirmə indeksi sistemlərindən Directory of Research Journals İndexing (DRJİ) və Rusiya Elmi Sitatgətirmə İndeksinə (РИНЦ - library.ru) daxil edilib.