Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.06.2026 / Xəbərlər

Dövlət Komitəsinin sədri Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ilə görüşüb.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, zəngin tarixi-mədəni irsin və dini abidələrin qorunması, eləcə də mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqidir. Ramin Məmmədov vurğulayıb ki, Azərbaycanda bütün konfessiyalara göstərilən diqqət və qayğı katolik icmasına münasibətdə də özünü aydın şəkildə biruzə verir ki, bunun da nümunələrindən biri Bakıda ikinci katolik kilsəsinin inşa edilməsidir.

Komitə sədri, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkə daxilində və beynəlxalq miqyasda ümumbəşəri dəyərlərin təbliği istiqamətində mühüm layihələr həyata keçirdiyini vurğulayıb. Qeyd edib ki, Fondun dünya mədəni və dini irsinin qorunmasına yönəlmiş çoxşaxəli fəaliyyəti, o cümlədən Vatikanla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın multikulturalizm və dinlərarası dialoq ideyalarına sadiqliyinin bariz ifadəsidir. Bu təşəbbüslər müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətin, etimadın və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Arxiyepiskop Covanni Çezare Paqatzi Azərbaycanda əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin təqdirəlayiq olduğunu və bu mühitin onda zəngin təəssürat oyatdığını qeyd edib. O, müxtəlif dini icmaların dinc, harmonik birgəyaşayışını ölkənin mühüm xüsusiyyətlərindən biri kimi dəyərləndirərək bu unikal modelin beynəlxalq səviyyədə də maraq doğurduğunu diqqətə çatdırıb.

Həmçinin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında imzalanmış Anlaşma Memorandumunun birgə təşəbbüslər üçün imkanlar yaratdığı və əlaqələrin inkişafına təkan verdiyi qeyd edilib.

Görüşdə həmçinin, Vatikan Apostol Kitabxanasının prefektləri Don Mauro Mantovani, Don Roko Ronzani, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri, Soltan Məmmədov, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti Yepiskop Vladimir Fekete iştirak ediblər.