Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.09.2023 / Xəbərlər

Dövlət Komitəsinin sədri Tbilisidə bir sıra görüşlər keçirib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Tbilisidə Gürcü Pravoslav Kilsəsinin iqamətgahında (Gürcüstan Patriarxlığında) Qori və Aten Mitropoliti Andria Gvazava, eləcə də və Sinodun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, müfti Salman Musayevin də iştirak etdikləri görüşdə iki ölkənin dini qurumları arasındakı əməkdaşlıq əlaqələri diqqət mərkəzində olub.

Hər iki ölkənin dini liderləri arasındakı dostluğun bütün sahələrdə münasibətlərimizin inkişafına müsbət təsir göstərdiyi qeyd edilib.

M.Qurbanlı deyib ki, Azərbaycan dövləti hər zaman Gürcüstanın yanında olub, dəstək verib: "Ehtiyac yaranarsa, Azərbaycan tərəfi Gürcüstanda olan məscidlərin təmir və bərpasına, eləcə də digər məsələlərlə bağlı yardım göstərə bilər."

Andria Gvazava ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən razılıqla danışıb, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq edib.

DQİDK-nın sədri elə həmin gün Tbilisidəki M.F.Axundzadə adına 73 saylı tam orta məktəbdə olub. Məktəbin direktoru Salman Pirməmmədov təhsil ocağının fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verib.

M.Qurbanlı məktəbin kollektivi ilə söhbət edib, onlara tədrisdə uğurlar arzulayıb.