Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 14-də Şirvan şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini təhsil, dini icmanın dövlət qeydiyyatı, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
























