Dövlət Komitəsinin sədri Ramin Məmmədov Astara şəhər Qum məscidini ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 20-də Astara şəhər Qum məscidini ziyarət edib.
Dövlət Komitəsinin sədri məsciddə fəaliyyət göstərən din xadimləri ilə görüşdə bildirib ki, multikultural dəyərlərin qorunması, tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Ölkəmizdə müxtəlif dinlərə aid ibadət yerlərinin təmir edilməsi və bərpası, mütəmadi olaraq dini qurumlara maddi yardım ayrılması dövlətin dini dəyərlərə həssas münasibətini əks etdirir.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yad dini ideologiyaların yayılmasının, dini təəssübkeşliyin dini təkəbbürə, fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasının vacibliyinə toxunan Ramin Məmmədov bu təhdidlərə qarşı mübarizədə dini maarifləndirmə tədbirlərinin, eləcə də din xadimlərinin fəallığının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş əsnasında rəy və təkliflərini səsləndirən din xadimləri gənc nəslin milli ruhda təlim, tərbiyəsinə, eyni zamanda din xadimlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.




