Dövlət Komitəsinin sədri İndoneziya səfiri ilə görüşüb
Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid ilə görüşüb.
Görüşdə dövlət-din münasibətləri barədə ətraflı məlumat verən Mübariz Qurbanlı ölkədə güclü tolerantlıq ənənələrinin tarixən mövcud olduğunu, Azərbaycanın dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Azərbaycanın mövcud dövlət-din modelinin həm də dini konfessiyalar arasında anlaşmanı təşviq etdiyini deyən Komitə sədri ölkəmizdə bütün dinlərin nümayəndələrinin öz maddi və mənəvi dəyərlərini qoruyub-saxlamaq imkanına malik olduğunu bildirib. Prezident İlham Əliyevin Sərəncamı ilə dini konfessiyaların maarifləndirmə fəaliyyətinin dəstəklənməsi məqsədilə maliyyə yardımı ayrıldığını, dinlərarası dialoqun bütün səviyyələrdə təşviqinə böyük önəm verildiyini, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmədiyini diqqətə çatdırıb.
Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı Qələbə haqqında qonağa məlumat verən Dövlət Komitəsinin sədri Qarabağda artıq quruculuq işlərinə başlanıldığını, erməni vandalizminə məruz qalmış maddi-mədəni, dini irsimizə aid nümunələrin bərpası istiqamətində layihələrin həyata keçirildiyini bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən səfir Azərbaycanın həmrəylik çağırışlarına, tolerantlıq siyasətinə diqqət çəkərək ölkəmizin dinlərarası münasibətlərin nizamlanması sahəsindəki təcrübəsini öyrənməyə maraq göstərdiklərini qeyd edib. Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasının əhəmiyyətinə toxunan H.Hamid müharibədən sonra azad edilmiş ərazilərə diplomatik heyətlərin tərkibində getdiyini və həmin yerlərdə erməni işğalı zamanı törədilmiş vəhşilikləri gördüyünü bildirərək, müsəlman ölkəsi olan İndoneziyanın hər zaman bütün beynəlxalq platformalarda Azərbaycanın haqq işini müdafiə etdiyini xüsusi vurğulayıb.
Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşün sonunda səfirə DQİDK-nın nəşr etdirdiyi kitablar təqdim olunub.