Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 2-də İmişli rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmaların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə işinin genişləndirilməsi, dini icmanın kitablarla təmin edilməsi, dini təhsil, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
















