Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Səudiyyə Ərəbistanı Krallığında keçirilən konfransda iştirak edir
Səudiyyə Ərəbistanı Krallığının (SƏK) İslam Məsələləri, Çağırış və İrşad Nazirliyinin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) sədr müavini Səyavuş Heydərov 12-15 avqust tarixlərində sözügedən ölkədə səfərdədir.
Sədr müavini 13-14 avqust 2023-cü il tarixlərində Məkkə şəhərində keçirilmiş Ünsiyyət və İnteqrasiya mövzusu üzrə Dünya Dini məsələlər, Fətvələr və Məşixət (Şeyxlik) idarələrinin 1-ci konfransında iştirak edir.
Dünyanın bir çox müsəlman ölkələrinin aidiyyəti qurumlarından çoxsaylı nümayəndələrin və dini liderlərin qatıldığı tədbirdə SƏK İslam Məsələləri, Çağırış və İrşad naziri Əbdüllətif bin Əbdüləziz Al əş-Şeyx, nazirin müavini Dr. Şeyx Avad bin Səbti əl-Anzi, Qazaxıstanın Baş müftisi Naurızbay Taqanulı, BƏƏ İslam Məsələləri və Vəqflər Baş İdarəsinin rəhbəri Dr. Məhəmməd Matar Salim əl-Kəabi, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha, Mavritaniya İslam Respublikasını Baş müftisi əş-Şeyx Əhməd əl-Mərabit əş-Şanqeyti açılış nitqi ilə çıxış ediblər.
2 gün davam edən və 7 iclasdan ibarət konfrans Dini məsələlər, Fətvələr və Məşixət (Şeyxlik) idarələri arasında ünsiyyət və inteqrasiya əlaqələrinin gücləndirilməsi, İslam dininin ülvi ismarıclarının çatdırılması naminə İslam alimlərinin inteqrasiya və əməkdaşlığının təşviqi, mərkəzilik və mötədillik prinsiplərinin həyata keçirilməsi və tolerantlıq dəyərlərinin xalqlar arasında birgəyaşayışın təşviq edilməsinə yönəlik cəhdlərinin bəyan edilməsi, Qurani-Kərim və Peyğəmbər sünnəsinə bağlılıq, eləcə də müsəlmanlar arasında İslam birliyini gücləndirmək, radikal fikirlərlə mübarizədə cəmiyyətin ateizm və tənəzzüldən müdafiəsi səyləri ilə tanışlıq kimi məqsədləri hədəfləyib.
Tədbir çərçivəsində bir sıra görüş və ziyarətlər də baş tutub. Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov tərəfindən keçirilən görüşlərdə dünyada dini mühitdə cərəyan edən proseslər, tendensiyalar, o cümlədən qlobal təhlükəsizliyə yönəlmiş təhdidlər barədə fikir mübadiləsi aparılıb, həqiqi islami dəyərlərin təbliği və qorunmasının vacibliyi müzakirə olunub, habelə Azərbaycanın mövcud dövlət-din münasibətləri modeli, tolerantlıq, multikulturalizm siyasəti görüş iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycanın birgəyaşayış ənənəsi yüksək dəyərləndirilib, bu strategiya və platformanın daha geniş müstəvidə təbliğinin zəruriliyi qeyd edilib.
Konfransın sonunda yekun bəyanat qəbul olunub.
Qeyd edək ki, S.Heydərovun Səudiyyə Ərəbistanı Krallığına səfəri 15 avqust tarixində başa çatacaq.

