Dövlət Komitəsində görüş keçirilib
Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Varşava Böyük Keşişlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan DQİDK sədri bu səfərin dini-mədəni əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Azərbaycanda dövlət-din münasibətləri, həmçinin dövlətin din sahəsindəki siyasəti, Dövlət Komitəsinin fəaliyyəti barədə geniş məlumat verən Mübariz Qurbanlı Azərbaycanın malik olduğu nümunəvi multikultural və tolerantlıq modelindən söhbət açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tolerantlıq ənənələri daha da inkişaf edərək dövlət siyasətinə çevrilib. 37-i qeyri-İslam təmayüllü olmaqla 993 dini qurum dövlət qeydiyyatına alınıb. Dövlət Komitəsinin sədri bildirib ki, ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir. Dövlət tərəfindən ibadət evlərinin təmiri, bərpası və əsaslı şəkildə qurulması, yenilərinin tikilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidenti İslam və qeyri-İslam təmayüllü dini qurumlara maliyyə vəsaiti ayırır.
Səmimi qəbula görə təşəkkür edən Voyçex Bartkoviç səfər çərçivəsində səmərəli görüşlərin keçirildiyini, qədim tarixə malik alban abidələri, kilsə, sinaqoq və məscidləri ziyarət etdiklərini deyərək ölkədəki tolerantlıq mühitini, xalqımızın qonaqpərvərliyini yüksək dəyərləndirib.
Polşa Mədəniyyət və Mədəni İrsin Qorunması üzrə Yepiskopluğu Şurasının sədri Mixal Yanoxa isə vurğulayıb ki, Azərbaycanda dinlərarası harmoniyanın nadir nümunəsi, eləcə də ölkənin tolerantlıq və multikultural dəyərlərə ən yüksək səviyyədə diqqət yetirməsi, müxtəlif dinlərə aid ibadətgahlara qayğısı nümayəndə heyətində dərin təəssürat yaradıb. O, həmçinin bu cür səfərlərin təşkil edilməsinin tolerantlığın qorunması və təşviqi baxımından böyük önəm daşıdığını qeyd edib.
Sonda nümayəndə heyətinə DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də erməni qəsbkarları tərəfindən vandalizmə məruz qalan tarixi-dini abidələrimizdən bəhs edən kitablar təqdim edilib.