Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.07.2023 / Xəbərlər

Dövlət Komitəsində Avropa Ravvinləri Konfransı Təşkilatının İcraçı Direktoru ilə görüş keçirilib

İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycanda səfərdə olan Avropa Ravvinləri Konfransı Təşkilatının icraçı direktoru Qadi Qroniç ilə görüş keçirilib.

Komitə sədrinin müavini Səyavuş Heydərov ölkəmizdə din-dövlət münasibətlərinin vəziyyəti, multikultural dəyərlərə verilən önəm və nümunəvi tolerantlıq mühiti barədə danışıb. Bildirib ki, bu gün öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək istəyən qüvvələr dini siyasiləşdirməyə çalışırlar. Bu fəaliyyət müəyyən regionlarda acınacaqlı nəticələrə gətirib çıxarıb. Sözügedən proseslərin artım dinamikası fonunda dinlərarası əməkdaşlıq və dialoqun vacibliyini vurğulayan sədr müavini  Azərbaycanın bu sahədə əldə etdiyi uğurların və müsbət təcrübənin dünyada təşviqinin önəminə toxunub.

Avropa Ravvinləri Konfransı Təşkilatının icraçı direktoru Qadi Qroniç ölkəmizə səfərinin məqsədi barədə ətraflı məlumat verib. O, bu gün Azərbaycanın sərgilədiyi tolerantlıq modelinin regionda və dünyada sabitliyə, təhlükəsizliyə, etnomədəni müxtəlifliyin qorunmasına, mədəniyyətlərin dialoquna qarşı yönəldilmiş bir çox təhdidlərə layiqli humanitar cavab olduğunu qeyd edib. Həmçinin ölkəmizdə yəhudi icmasına və digər dini konfessiyalara göstərilən diqqət və qayğıdan məmnun qaldığını bildirib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb, DQİDK ilə Avropa Ravvinləri Konfransı Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.