Dövlət Komitəsində Anım tədbiri keçirilib
Sentyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Anım Günü ilə bağlı tədbir keçirilib.
Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimi giriş nitqi ilə açan DQİDK sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin Anım Günü ilə bağlı xalqa müraciətinə, eyni zamanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq dövlət başçısı və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilən yürüşə diqqət çəkib. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək və nümunə olduğunu söyləyən Komitə sədri müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib. Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə şəhidlərin doğum günlərində onların ailələrinin ziyarət edildiyini, “Şəhid yadigarları” və bu kimi digər aksiyaların mütəmadi olaraq həyata keçirildiyini bildirib.
Komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında elə bir zəfər salnaməsi yazdı ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərb müəssisələrində tədqiqatlar aparılır. Əldə olunan bu qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəflərini qeyd edən Komitə sədri tarixi zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu da xüsusi vurğulayıb.
Anım Günündə Azərbaycan və ölkəmizin hüdudlarından kənarda Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlərin keçirildiyini xatırladan Mübariz Qurbanlı məscid, kilsə və sinaqoqlarda ərazi bütövlüyümüz uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunduğunu, dini ayinlər icra olunduğunu bildirib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında bildirib ki, bu gün Vətənimiz uğrunda canından keçən, düşmənin üzərinə gedərkən bir an belə qorxmağı ağlına gətirməyən Vətən oğullarının xatirəsini anırıq. Çox qısa bir vaxtda Azərbaycan əsgərinin Vətənə hədsiz məhəbbətinin, Vətən uğrunda düşünmədən özünü qurban verməyinin nəticəsində bu cür möhtəşəm və sürətli qələbəyə nail olduq. Sədrin birinci müavini onu da vurğulayıb ki, Vətən müharibəsində şahid olduğumuz xalq, dövlət və rəhbər birliyi uzun illərdir görünməyən ən yüksək həddinə çatdı. 44 günlük haqq savaşı zamanı xalqın hər bir fərdi qalib Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi və biz möhtəşəm qələbəmizə nail olduq, zəfərimizi ən yeni tarixə qızıl hərflərlə yazdıq.
Sədr müavini Sahib Nağıyev 44 günlük Vətən müharibəsində qazanılmış böyük Qələbənin Ulu Öndər Heydər Əliyev ideologiyasının nəticəsi olduğundan danışaraq bildirib ki, məhz Ümummilli Lider tərəfindən təməli qoyulan ordu quruculuğu və müdafiə məsələləri ilə bağlı atılan mühüm addımlar bizi qələbəyə apardı. Bu gün qürurla deyə bilərik ki, Ulu Öndər siyasətinin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin sayəsində dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız təhlil olunur, dünyanın aparıcı ölkələri tərəfindən “Dəmir yumruq” əməliyyatının bütün incəlikləri öyrənilir. S.Nağıyev cəmi 44 gün davam edən döyüşlərdə ordumuzun əldə etdiyi tarixi Qələbənin heç də təsadüfi olmadığından, milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşımızın həqiqətən də bir yumruq kimi eyni amal uğrunda birləşməsindən bəhs edib. O bildirib ki, məhz bu birlik, iqtidarla xalqın həmrəyliyi bizi qalib ölkəyə çevirdi.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva 44 günlük Vətən müharibəsi dövründə Komitə tərəfindən həyata keçirilən layihələrə, tədbirlərə diqqət çəkib. Bu istiqamətdə sosial media vasitəsilə təşkil edilən kampaniyalara nəzər salan şöbə müdiri DQİDK-nın sifarişi əsasında çəkilən videoçarx və sənədli filmlər barədə məlumat verib. Bildirib ki, mütəmadi olaraq televiziya və sosial media vasitəsilə nümayiş olunan film və videoçarxlar əsasən gənclərin vətənpərvərlik və həmrəylik ruhunda tərbiyə edilməsinə, Qarabağda erməni vandallar tərəfindən dağıdılan və zərər vurulan dini abidələrimizə, eləcə də alban irsinin saxtalaşdırılmasının ifşasına yönəlib. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə təbliği barədə də danışan şöbə müdiri DQİDK-nın təşəbbüsü ilə bu istiqamətdə müxtəlif dillərdə alt yazılarla yayımlanan filmlər, nəşr edilən kitablar, o cümlədən xarici mətbuatda nəşr edilən müsahibə və məqalələrin əhəmiyyətinə toxunub.