“Dinlərarası dialoq: Ortaq gələcəyə yol xəritəsi” mövzusunda plenar sessiyası işini yekunlaşdırıb
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq: ortaq gələcəyə yol xəritəsi” adlı plenar sessiya interaktiv müzakirələrin ardından işini yekunlaşdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) birgə təşkilatçılığı ilə keçirilən sessiyanın növbəti hissəsi müxtəlif beynəlxalq qurumların, diplomatik missiyaların və dini icma rəhbərlərinin iştirakı ilə interaktiv müzakirə formatında davam edib.
"Buddhist Tzu Chi" Xeyriyyə Fondunun Beynəlxalq əlaqələr üzrə Baş direktoru Debra Budreauks qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı çərçivəsində yaradılan çoxdinli məşvərət platforması müxtəlif dini icmalar arasında ünsiyyətin, qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi baxımından mühümdür. Bu cür platformalar ikitərəfli və çoxtərəfli dialoq üçün imkanlar yaradır. Çıxışında müxtəlif ölkələrdə həyata keçirilən humanitar təşəbbüslərdən danışan baş direktor dinlər və milli mənsubiyyətlər arasındakı fərqlərə baxmayaraq, insanların ümumi məqsədlər naminə birləşə bildiklərini vurğulayıb.
Avropa Şurası Baş katibinin antisemitizm, müsəlmanlara qarşı nifrət və dini dözümsüzlüyün bütün formaları üzrə xüsusi nümayəndəsi İren Kitsou-Milonasın sözlərinə görə, hazırda Avropa Şurasının Baş Katibinin rəhbərliyi altında Avropa üçün yeni demokratik pakt üzərində iş aparılır və birgəyaşayış məsələsi də bu təşəbbüsün tərkib hissəsi olacaq. O, dinlərarası dialoqun daha da inkişaf etdirilməsi üçün Avropa Şurası çərçivəsində əməkdaşlığın yaradılması vacibliyinə toxunub. Bu prosesdə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının, milli nümayəndələrin və dini icmaların iştirakı xüsusi əhəmiyyət daşıyır. Çıxışda bildirilib ki, dinlərarası dialoqun davamlı nəticələr verməsi üçün beynəlxalq təşkilatların, milli təmsilçilərin və dini icmaların birgə fəaliyyətinə ehtiyac var.
İsveçin Dinlərarası və Mədəniyyətlərarası dialoq üzrə xüsusi elçisi Kristian Kamill vurğulayıb ki, İsveç fikir, din və etiqad azadlığının qorunmasına sadiqdir. İslamofobiya, antisemitizm və digər ayrı-seçkilik formalarına qarşı mübarizə yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də ardıcıl şəkildə həyata keçirilməlidir. Bildirib ki, hər bir insanın ləyaqətinə hörmətlə yanaşılması, dini etiqad azadlığının təmin edilməsi və müxtəlif icmaların hüquqlarının qorunması inklüziv və həmrəy cəmiyyətlərin formalaşdırılmasının əsas şərtlərindəndir. Bu baxımdan dini və etnik mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması, eləcə də birgəyaşayış mühitinin gücləndirilməsi önəmlidir.
İslam Ölkələri Ravvinlər Alyansının sədri, Türkiyənin Aşkenaz yəhudilərinin baş ravvini Mendel Çitrik dinlərarası dialoqun vacibliyindən, əsas iştirakçıların dinlər deyil, müxtəlif inanclara mənsub insanlar olduğundan bəhs edib. Onun sözlərinə görə, harmoniya yalnız beynəlxalq konfranslarla məhdudlaşmamalı, gündəlik həyatda qarşılıqlı hörmət, birgəyaşayış və bərabərhüquqlu vətəndaşlıq prinsipləri əsasında inkişaf etməlidir.
Mendel Çitrik müsəlman dünyasının 18 ölkəsindən olan ravvinləri təmsil etdiyini qeyd edərək, Azərbaycandakı yəhudi icmasının dinlərarası münasibətlərin inkişafındakı roluna diqqət çəkib. O, müxtəlif dini icmaların nümayəndələrinin öz inanclarını sərbəst şəkildə yaşatmaqla yanaşı, cəmiyyətin rifahı naminə birgə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.
Ümumdünya Fətva Evlərinin Baş katibi İbrahim Nəcm qeyd edib ki, dini inancların təmsil olunması məsuliyyət tələb edir, bu sahədə legitimliyə, nüfuza və müvafiq dini biliyə malik şəxslərin iştirakı böyük əhəmiyyət daşıyır. Çıxışda bildirilib ki, dini təmsilçilik zorakılığın, münaqişələrin və cəmiyyətlər arasında parçalanmanın təşviqinə xidmət etməməlidir. Əksinə, dini liderlər və nüfuzlu nümayəndələr qarşılıqlı anlaşmanın gücləndirilməsi, sülhün təşviqi və müxtəlif icmalar arasında etimadın yaradılması istiqamətində fəaliyyət göstərməlidirlər.
Mormonlar Kilsəsinin 12 Həvarilər Kvorumunun üzvü Gary E. Stevenson bildirib ki, sülh yalnız münaqişənin olmaması deyil, həm də insanların rifahının, harmoniyanın və qarşılıqlı hörmətin təmin edilməsidir. Natiq söyləyib ki, dünyada baş verən münaqişələr, insanların məcburi köçkünlüyü və artan qeyri-müəyyənlik bütün cəmiyyətlərə təsir göstərir. Bununla yanaşı, çətinliklər fonunda xeyirxahlığın, xidmətin və dini inancın insanları birləşdirən gücü də özünü göstərir.
Beynəlxalq Bəhai İcmasının Baş katibi David Rutstein dinlərarası və mədəniyyətlərarası dialoqun real nəticələr verməsi üçün konkret fəaliyyətlərin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. O, uşaqlara və gənclərə erkən yaşlardan qarşılıqlı hörmət, tolerantlıq və mənəvi dəyərlərin aşılanmasının önəmini qeyd edib. Müxtəlif dini və mədəni mənsubiyyətlərə malik uşaqların birgə ünsiyyəti və fəaliyyəti qərəzlərin aradan qaldırılmasına, qarşılıqlı anlaşma və həmrəyliyin möhkəmlənməsinə töhfə verə bilər.
Çıxış edən natiqlər müzakirə olunan mövzuların və səsləndirilən təkliflərin parçalanmış dünyada dialoq körpülərinin qurulması və gələcək fəaliyyət üçün ortaq yol xəritəsinin formalaşdırılması baxımından mühüm rol oynadığını bildiriblər.
















