Din xadimlərinin Qəbələ səfəri yekunlaşıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən “Dini həmrəylik və birgəyaşayış” layihəsi çərçivəsində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan din xadimlərinin Qəbələyə səfəri yekunlaşıb.
Səfərin ikinci günündə din xadimləri Qəbələ rayon Heydər Əliyev Mərkəzində olublar. İştirakçılara Ulu Öndərin zəngin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət, milli-mənəvi dəyərlərin qorunması və inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat verilib. Həmçinin Ümummilli Liderin ölkəmizdə tolerantlıq mühitinin formalaşması, multikultural dəyərlərin təşviqi və dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsindəki xidmətləri diqqətə çatdırılıb.
Daha sonra layihə iştirakçıları Qəbələ şəhər “Cümə” məscidi və Yeni məscidi ziyarət ediblər. Məscidlərin fəaliyyəti və dini icmaların ibadət şəraiti ilə tanış olan iştirakçılar burada vəhdət namazı qılıblar.
Din xadimləri Qəbələnin qədim tarixi və zəngin mədəni irsi ilə tanış olmaq məqsədilə Nic qəsəbəsinə səfər ediblər. İştirakçılar Nic qəsəbəsində yerləşən Yalağaclı məhəllə məscidini, Müqəddəs Məryəm Ana “Bulun” və Müqəddəs Yelisey adına “Cotari” kilsələrini, həmçinin Qəbələ Arxeoloji Mərkəzini və Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək bölgənin tarixi keçmişi, arxeoloji irsi, mədəniyyət nümunələri haqqında məlumat əldə ediblər.
Qeyd edək ki, dini maarifləndirmə və mənəvi dəyərlərin təbliği sahəsində birgə təşəbbüslərin formalaşdırılması, qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi, həmrəylik ənənələrinin daha da inkişaf etdirilməsi məqsədilə 23-26 noyabr tarixlərində baş tutan layihə çərçivəsində Qəbələdə fəaliyyət göstərən din xadimləri ilə görüşlər keçirilib, dini dəyərlərin birləşdirici rolu, Azərbaycanda dini müxtəliflik şəraitində harmoniya və qarşılıqlı hörmət ənənələrinə dair ekspert mühazirələri təşkil olunub.


















