Din xadimləri üçün terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair təlim təşkil olunub
Oktyabrın 5-də Göygöldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə məruzə ilə çıxış edən DQİDK-nın Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə dini icmalarda maliyyə şəffaflığının təmin olunması, radikallaşmanın qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması məsələlərinə toxunub.
Qeyd edib ki, hansı dini-ideoloji pərdə altında təqdim edilməsindən asılı olmayaraq, terrorçuluq bəşəri cinayətdir və ona heç bir bəraət qazandırıla bilməz. Təlimçi ianələrin mənbəyinin qeyri-müəyyənliyi və zəif maliyyə uçotunun yarada biləcəyi problemlərdən də danışıb. Bildirib ki, aparılan risk qiymətləndirməsinin məqsədi dini qurumların hüquqi və maliyyə təhlükəsizliyini etibarlı şəkildə təmin etməkdir.
Tədbirdə, həmçinin gənclərin radikal ideoloji təsirlərdən qorunmasının vacib məsələ olduğu diqqətə çatdırılıb.
Din xadimləri və dini icma sədrlərinin iştirakı ilə keçirilən təlim qarşılıqlı müzakirələr və maraq doğuran sualların cavablandırılması ilə yekunlaşıb.






