Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.04.2023 / Xəbərlər

“Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib. 

ADBTİA-da keçirilən tədbiri giriş sözü ilə açan prorektor Rizvan Əliyev tədbirin aktual mövzuya həsr edildiyini bildirib. Dini radikalizmin ideoloji təhlükəsizlik sahəsində yaratdığı fəsadlara toxunan prorektor ona rəvac verən təhdidlərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. O, DQİDK-nın dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirdiyi tədbirlərin önəminə toxunaraq bu sahədəki maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra geniş məruzə ilə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib. Təəssüf ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, bu gün də bəzi siyasi dairələr tərəfindən geosiyasi və geoiqtisadi maraqların təmin edilməsi üçün dindən istifadə edildiyinin şahidi oluruq. Sədr müavininin sözlərinə görə, hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edirlər. Bu, müəyyən maraqlı qüvvələr tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü açıq büruzə verir.

S.Heydərov qeyd edib ki, dövlətimiz dini radikalizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir.

Zərərli dini ideologiyalarla mübarizədə ən səmərəli metodlardan birinin maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılması olduğunu diqqətə çatdıran natiq qeyd edib ki, ümumi təhlillər bu təsirlərə daha çox dini bilikləri zəif olan gənclərin məruz qaldıqlarını göstərir.

Dövlət Komitəsi tərəfindən mövcud təhlükə, təhdidlərin qarşısının alınması üçün sistemli və geniş formada maarifləndirmə tədbirlərinin keçirildiyini deyən S.Heydərov bugünkü konfransın da bir nümunə olduğunu qeyd edib.

Konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.