“Dəyərlər və müasirlik” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mayın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Dəyərlər və müasirlik” adlı esse müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı İlahiyyat Kollecinin qısa müddət ərzində təhsil sistemində özünəməxsus yer tutduğunu vurğulayıb. Komitə sədri bildirib ki, tələbələrin təhsil səviyyəsinin yüksəldilməsi ilə yanaşı, milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi təhsil müəssisəsinin əsas vəzifələrindən biridir. Bu məsələ həm təhsil, həm də cəmiyyətin sağlam inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov qeyd edib ki, müasir dövrdə rəqəmsallaşmanın sürətlə inkişaf etməsinə baxmayaraq, fikirlərin yazılı ifadə forması öz əhəmiyyətini qoruyub saxlayıb. O, esse müsabiqəsinin tələbələrin yaradıcılıq qabiliyyətinin, analitik düşüncəsinin inkişafına mühüm töhfə verdiyini bildirib.
Müsabiqənin qalibləri Səlimə Müzəffərova, Əzizə Sadıqlı, Möhsüm Babakişiyev diplom və hədiyyələrlə təltif olunublar. Birinci yerin qalibi Səlimə Müzəffərova qələmə aldığı esseni təqdim edib.
Qeyd edək ki, “Dəyərlər və müasirlik” adlı esse müsabiqəsinin keçirilməsində məqsəd gənclərin yazı və analitik düşünmə bacarıqlarının, eləcə də yaradıcılıq qabiliyyətlərinin inkişafı və sağlam fikir mübadiləsinin təşviqidir.











