Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.05.2023 / Xəbərlər

Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov iştirak edib.

Tədbiri giriş sözü ilə açan Daxili Qoşunların Baş İdarəsinin şəxsi heyət üzrə idarə rəisinin müavini - mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov mövzunun əhəmiyyətini vurğulayaraq, gəncləri radikal dini cərəyanların qurbanına çevrilməkdən qorumağın, onları vətənpərvər ruhda tərbiyə etməyin zəruriliyindən danışıb. O bildirib ki, şəxsi heyətin vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksək səviyyədədir.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini S.Heydərov bildirib ki, dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşır.

Əlavə edib ki, ölkəmizdə multikultural, tolerant mühitin formalaşmasında düşünülmüş dövlət siyasəti mühüm rol oynayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən bu sahədə yaradılan bütün zəruri şərait və dəstək dünyaya örnək sayılacaq səviyyədədir. Təbii ki, digər sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub və bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

S.Heydərov onu da vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində dövlət siyasəti uğurla həyata keçirilir.