Daxili Qoşunların Ali Hərbi Məktəbində “Radikal dini cərəyanların milli təhlükəsizliyə təhdidi” mövzusunda seminar keçirilib
Aprelin 26-da Daxili Qoşunların Ali Hərbi Məktəbində “Radikal dini cərəyanların milli təhlükəsizliyə təhdidi” mövzusunda seminar keçirilib.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, daxili qoşunların baş idarəsinin şəxsi heyət üzrə idarə rəisinin müavini - mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov iştirak ediblər.
Şəxsi heyətin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə açan Ali Hərbi Məktəbin rəisinin tərbiyə işləri üzrə müavini polkovnik Nəriman İsayev Ali Hərbi Məktəbdə və hərbi hissələrdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan ictimai-siyasi sabitliyinə görə nümunəvi dövlətlərdəndir və qazandığımız bu uğurları həzm edə bilməyən dairələr zaman-zaman din pərdəsi altında öz ideologiyalarını burada yaymağa, cəmiyyətimizdə dini zəmində ayrı-seçkilik toxumları səpməyə çalışırlar. Ancaq onların bu cəhdləri hər zaman iflasa uğrayıb, çünki Azərbaycan xalqı dinin bölücü deyil, birləşdirici amil olduğunu yaxşı bilir və onu özünün mənəvi dəyəri kimi qoruyur.
Sonra S.Heydərov kursantların qarşısında çıxış edərək milli-mənəvi dəyərlərin hər bir cəmiyyət üçün birləşdirici amil olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinin hüquq bərabərliyini təmin edir. Müxtəlif dairələrin Azərbaycanda milli-dini zəmində ayrı-seçkilik yaratmaq cəhdlərinin hər zaman olduğunu deyən məruzəçi Vətən müharibəsinin davam etdiyi günlərdə də bunun müşahidə edildiyini vurğulayıb. Ancaq Azərbaycan xalqı öz müdrikliyini bir daha nümayiş etdirərək sahib olduğu vəhdətin pozulmasına imkan verməyib və şanlı ordusuna, Müzəffər Ali Baş Komandanına güvənib, bir yumruq kimi birləşərək erməni faşizmini məhv edib.
Seminarın gedişatında, həmçinin Vətənə xidmətin ülviliyindən danışan məruzəçi bu şərəfli missiyanın daşıyıcıları qarşısında çıxış etməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib, bütün xalqların, dinlərin nümayəndələrinə qucaq açıb, yardım göstərib. Ancaq təəssüf ki, özü hər zaman haqsızlığa, ədalətsizliyə, soyqırımlara məruz qalıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də dediyi kimi, torpaqlarımız işğalda ikən erməni faşizminə qarşı beynəlxalq müstəvidə heç bir addımın atılmaması bir daha sübut etdi ki, ikili standartlarla idarə olunan müasir dünyada haqlı olmaq hələ hər şey demək deyil, haqqını almaq üçün mütləq güclü olmalısan. 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər, ərazi bütövlüyümüzün bərpası çoxlarına dərs oldu və göstərdi ki, Azərbaycan xalqı öz müqəddəratını özü müəyyən edir, qarşısında duran bütün hədəfləri dəf etməyə qadirdir.
Sonda kursantlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

