Bölgələrdə dini radikalizmlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib
Respublikamızda dini radikalizmlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Şəki şəhəri 7 nömrəli məktəbin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onunla mübarizə yolları” mövzusunda baş tutan tədbirə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Saleh Məmmədov, məktəbin müəllim və şagirdləri qatılıblar.
Daha bir maarifləndirmə tədbiri Cəlilabad rayonunda keçirilib. Cəlilabad şəhər 9 saylı tam orta məktəbində DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Həsən Hümmbətov, Cavidan Rəşidov, Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Cavadov, həmçinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəllilabad rayonu üzrə sektorunun əməkdaşı Tacəddin Əli, müəllim və şagirdlər iştirak ediblər.
Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbində “Radikalizmin mahiyyəti və fəsadları” mövzusunda baş tutan tədbirə isə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, Safıkürd kənd məscidinin imam müavini Elnur Cəfərov, eləcə də müəllimlər və şagirdlər qatılıblar.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalar və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin, eyni zamanda vətənpərvərlik ruhunda formalaşmasının əhəmiyyətinə toxunulub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


